Ağ görünən buz təpəsinin zirvəsi| İƏT-in qətnaməsi İrana çox da böyük fayda verməyəcək

2025/06/1750697932.jpg
Oxunub: 459     20:56     23 İyun 2025    
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 51-ci fövqəladə iclası başa çatıb. Türkiyənin “Anadolu” agentliyi bu müzakirələrin yekununda razılaşdırılmış siyasi qətnamə layihəsini yayımlayıb. Bu sənəd İran əleyhinə İsrailin təcavüzünü ən sərt şəkildə qınayır və qeyd edir ki, İran İslam Respublikasının nüvə obyektləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanəti altındadır.

Sənəd vurğulayır ki, “İsrailin təcavüzü beynəlxalq hüququn norma və BMT Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozur, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması, gücdən istifadənin qadağan olunması” tələb olunur. İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri İsrailin bu hərəkətlərini “təcavüz aktı kimi qiymətləndirir, onu beynəlxalq humanitar hüquq baxımından hərbi cinayət” adlandırırlar.

Qətnamədə İƏT üzvü olan bütün ölkələr İran xalqı və hökuməti ilə həmrəy olduqlarını bir daha bəyan edirlər, “israil rejiminin təcavüzünə qarşı müqavimət göstərən” İrana dəstəklərini bildirirlər. Qətnamədə tələb olunur ki, İsrail dərhal İran əleyhinə bütün hücumları dayandırsın və eskalasiyanın qarşısını alsın, çünki bu gedişat regional və beynəlxalq təhlükəsizlik və sülh üçün ciddi təhdiddir.

Sənədin əsas mesajı ondan ibarətdir ki, İƏT üzv ölkələri ABŞ və İsrailin birtərəfli addımlarını tənqid edərək regionun nüvə silahından azad zona elan olunmasını təklif edirlər. Onlar həmçinin tələb edirlər ki, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulsun. Bu, əslində ABŞ ilə danışıqların son mərhələsində İranın xarici işlər naziri Əraqçinin irəli sürdüyü təkliflə üst-üstə düşür. ABŞ isə bu ideyanı – Yaxın Şərqin nüvə silahından azad zona elan olunması və bu əsasa görə İsraillə müqavilə bağlanması – rədd edib.

İranın nüvə obyektlərinə zərbələrə şərik olmaqla ABŞ açıq şəkildə mesaj verir ki, İsrailin nüvə silahı əldə etmək hüququnu tanıyır, amma eyni hüququ İrana qəti şəkildə rədd edir. Görünür, iyunun 22-də İstanbulda İran və Türkiyə bu məsələ üzrə ən azından bəyanat səviyyəsində İƏT ölkələrinin razılığını əldə edə biliblər.

Lakin bu yalnız “ağ görünən buz təpəsinin zirvəsidir”. İƏT ölkələrinin İsraillə münasibətlərdə vahid mövqe tutub-tutmadıqları əsas sualdır. İstanbul qətnaməsi həmçinin İsrailin İraq hava məkanını pozmasını da qınayır, lakin İordaniyadan bəhs etmir, halbuki İordaniya Hərbi Hava Qüvvələri əksinə olaraq, İranın raket hücumlarına qarşı İsraili müdafiə edir. Qeyd olunmalıdır ki, NATO-nun regiondakı ən müasir raket xəbərdarlıq mərkəzi Türkiyə ərazisində yerləşir və bu mərkəz xüsusilə İranın hücumlarına qarşı İsraili vaxtında xəbərdar etmək üçün yaradılıb.

Bəyanat bəyanatdır, amma İƏT-ə üzv Fars körfəzi ərəb monarxiyaları ABŞ ilə yeni iri sərmayə layihələri razılaşdırıblar. Türkiyə isə Fars körfəzini Aralıq dənizi ilə birləşdirəcək “İnkişaf dəhlizi” layihəsini planlaşdırır. Bu baxımdan real siyasət müstəvisində, qətnamə hətta bütün üzv ölkələr tərəfindən imzalansa belə, İrana çox da böyük fayda verməyəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   İsrail   İran  


Bizi "telegram"da izləyin